Peruda ölkənin aparıcı xəbər nəşri olan “Caretas” jurnalının əməkdaşı güllələnib.
APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, 22-yaşlı gənc jurnalist Fernando Raymondi paytaxt Limadan 100 km aralıda yerləşən San Visente-de-Kanyete şəhərində, atasının dükanında iki cinayətkarın hücumuna məruz qalıb.
Sinə nahiyəsindən güllə yaraları alan F.Raymondi hadisə yerində keçinib. Qeyd olunduğuna görə, “Caretas” jurnalı Peruda araşdırma jurnalistikası sahəsindəki nailiyyətləri ilə məşhurdur. Fernando Raymondi 2014-cü ildə Peruda öldürülən sayca ikinci mətbuat nümayəndəsidir.