ABŞ və Rusiya prezidentləri arasında telefon söhbəti zamanı Barak Obama deyib ki, rəsmi Vaşinqton Ukraynadakı böhranın diplomatik yolla həlinə üstünlük verir: «Ancaq Rusiya bununla razılaşmır və fəaliyyəti ona aparmır».
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, ABŞ lideri qeyd edib ki, Ukrayna hakimiyyəti mərkəzləşdirmə probleminin həlli ilə bağlı gerçək təklif irəli sürüb.
“Qərarı ukraynalılar özü qəbul etməlidir. Biz onları dəstəkləmişik və bundan sonra da həmişə dəstəkləyəcəyik” - deyə, Barak Obama vurğulayıb.
ABŞ prezidenti Rusiya hakimiyyətinin rusiyayönlü separatçıları silahlandırmasından narahat olduğunu qeyd edib.
Xatırladaq ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə gerçəkləşib.
***
01.21
Aprelin 15-də gecə saatlarında Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub.
Lent.az-ın “İTAR-TASS” -a istinadən məlumatına görə, Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obamanı Ukraynada qan tökülməsinin qarşısını almağa kömək etməyə çağırıb.
“Rusiya tərəfi qeyd edib ki, Donetsk, Luqansk, Xarkov, Slavyansk və Ukraynanın cənub-şərqindəki etiraz aksiyaları rəsmi Kiyevin rusların və rusca danışanların maraqlarını nəzərə almaması və ölkəni idarə edə bilməməsi üzündən baş verir”-deyə, Kremlin mətbuat xidməti bildirib.
Barak Obama öz növbəsində Ukraynanın Cənub - Şərqində baş verənlərə Rusiyanın müdaxilə etdiyindən rahatsızlığını vurğulayıb.
Dövlət başçılar Ukraynada baş verənlərin diplomatik yolla həlli üçün vasitələrin axtarılması məsələsində razılığa gəliblər.