Aprelin 25-də ABŞ prezidenti Barak Obama Cənubi Koreyanın paytaxtı Seula səfəri zamanı çıxışında beynəlxalq aləmdə baş verən bir sıra məsələlərə toxunub.
Lent.az-ın “Nyusru”-ya istinadən məlumatına görə, o, deyib ki, sülh prosesini irəli aparmaq üçün İsrail və Fələstin liderlərinin siyasi iradəsi çatmır.
Barak Obamanın sözlərinə görə, tərəflərin liderləri sülh danışıqlarının davam etməsi üçün vacib olan ağır qərarı qəbul edə bilmədilər.
“Fələstin Muxtariyyətində vahid Milli hökumətin yaranmasına dair FƏTH-lə terrorçu “HƏMAS” arasında razılaşma sülh danışıqları üçün əngəldir”-deyə, ABŞ lideri vurğulayıb.
Barak Obama əlavə edib ki, danışıqlarda yaranmış fasilə tərəflərin bütün alternativlərə yenidən baxmaları üçün imkan yarada bilər: “Sülh razılaşması İsrail, Fələstin Muxtariyyəti və ABŞ-ın maraqlarına cavab verir”.