Norveç İraq əhalisinə humanitar yardım göstərmək üçün 120 milyon kron (15,3 milyon dollar) ayırıb. Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bunu özünü “İraq və Şam İslam dövləti” adlandıran terrorçu qruplaşmaya (İŞİD) qarşı mübarizə üzrə koalisiyanın iştirakçıları olan ölkələrin xarici siyasət idarələrinin başçılarının Parisdə keçirilən müşavirəsində iştirak edən Norveçin xarici işlər naziri Börge Brende bəyan edib.
Nazir nitqində BMT nümayəndələrinin sözlərini xatırladıb. Onlar bildiriblər ki, BMT əlavə maliyyələşdirmə olmasa, yaxın vaxtlarda İraqdakı bütün humanitar proqramlarının az qala yarısını bağlamaq məcburiyyətində qalacaq. Bununla belə, qaçqınların və daxili köçkünlərin sayı artmağa davam edir, çünki İraq əhalisinin təqribən üçdə bir hissəsi və Suriya əhalisinin yarıya qədəri artıq İŞİD-in hərbi dəstələrinin nəzarəti altındadır.
B.Brende deyib: “İraqın bir çox rayonlarında humanitar vəziyyət son aylarda xeyli pisləşib. Əlavə maliyyələşdirmə olmasa, BMT artıq iyun ayında ölkəni ərzaqla sabit təchiz etmək iqtidarında olmayacaq. Norveç BMT-nin çağırışına cavab olaraq 120 milyon kron ayırmağa hazır olduğunu təsdiq edir. Bu, bizim tərəfimizdən sanballı töhfədir”.