Yunanıstanda Radikal Sol İttifaqın (Syriza) lideri Aleksis Çiprasın rəhbərliyi altında qurulan yeni koalisiya hökuməti nazirliklərdəki lüks xidməti avtomobilləri “lüzumsuz və xərcli” olduğunu əsas gətirərək satışa çıxarır. Lent.az-ın marja-ya istinadən məlumatına görə, ölkənin inzibati islahatlar naziri Yorgos Katrugalos verdiyi açıqlamada kabinetdəki yeni nazirlərin dövlətin avtomobillərinə ehtiyacı olmadığını bildirərək, hökumətin lazımsız və xərcli hesab etdiyi bu avtomobilləri sataraq pul qazanmağı hədəflədiyini qeyd edib.
Nazir Katrugalos, baş nazir Çiprasın Yunanıstanın ikinci böyük şəhəri Selanikinin seriya nömrəsi ilə bir avtomobili olduğunu, digər nazirlərin isə motosiklet ya da taksi ilə işə gedib-gəldiklərini qeyd edib.
Katrugalos, özünün isə “arada bir problem çıxarsa da bununla fəxr etdiyini” bildirdiyi qədim bir avtomobili olduğunu deyib.
İnzibati İslahatlar Nazirliyi satılması planlaşdırılan xidməti avtomobillər arasında, keçmiş baş nazirin müavini və xarici işlər naziri PASOK lideri Evangelos Venizelos-in yeni aldığı 750 min avroluq lüks zirehli maşının da olduğu bildirilir.
Katrugalos, həmçinin hökumətin seçki vədləri çərçivəsində daha əvvəl memorandumlar əsasında qənaət məqsədilə işdən çıxarılan 3 min 500 dövlət işçisinin yenidən işə götürüləcəyini açıqlayıb. “To Vima” qəzetinə açıqlama verən Katrugalos, əvvəlki hökumət tərəfindən başladılmış dövlət məmurlarının yenidən qiymətləndirilməsi tətbiqinin davam etdiriləcəyini, ancaq bu təcrübənin işdən çıxarma məqsədi ilə deyil, dövlət idarəetməsində peşəkarlığın artırılması məqsədi ilə həyata keçiriləcəyini bildirib.
Yeni maliyyə naziri Yannis Varufakis də vəzifəyə gəldiyi gün əvvəlki hökumət tərəfindən işdən çıxarılan qadın təmizlik işçilərini (xadiməçiləri) yenidən işə götürəcəyini açıqlamışdı. Varufakis, bunun əvəzinə nazirlikdəki çoxsaylı iqtisadi məsləhətçinin işdən çıxardılacağını bildirmişdi.