NATO-nun baş katibi Anders Foq Rasmussen Rusiyanı Ukraynaya qarşı təcavüzdə ittiham edib.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, aprelin 10-da, o, Praqada Çexiyanın prezidenti və baş naziri ilə Ukraynadakı vəziyyəti müzakirə edib.
“Biz Rusiyanın Ukraynaya qarşı açıq-aşkar təcavüzünü ittiham etdik. Rusiyanın pozmaqda davam etdiyi beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırırıq.
Rusiya öz hərəkətinə bəraət qazandırmaq üçün Ukraynadakı rusca danışanların haqqının pozulduğunu bəhanə edir və NATO-nun “soyuq savaşın” təbliğatını aparmaqda ittiham edir. Ancaq Rusiyanın arqumentləri öz qanunsuz fəaliyyətini ört-basdır etmək üçün gerçəklikləri gizlətməyə hesablanan xalis təbliğatdır” -deyə, baş katib vurğulayıb.
A.Foq Rasmussen Rusiyanı Ukraynanın şərqində etnik münaqişəni qızışdırmaqda ittiham edib: “Rusiya özünün hərbi üstünlüyündən istifadə edərək, Ukraynanı bitərəf və federal dövlət olmağa məcbur etmək istəyir. Ancaq bu qərarı başqası deyil, suveren dövlət olaraq, yalnız Ukrayna qəbul edə bilər.
Praqadan Rusiyaya müraciət edirəm. Danışıqlara başlamaq, gərginliyi dayandırmaq, məsələnin həllinin hərb yolu ilə həlindən çəkinmək, öz günahınızı başqasının üzərinə yıxmaqdan əl çəkmək üçün sizin vaxtınız var. Əks təqdirdə Rusiyanın daha dərin beynəlxalq təcrid gözləyir. Bu isə heç kimin maraqlarına cavab vermir. Heç kim yeni “soyuq müharibə” istəmir”.
NATO-nun baş katibi və Çexiyanın dövlət rəsmiləri Ukraynanın suverenliyi və ərazi bütövlüyünü müdafiə etdiklərini bəyan ediblər.