Krım türklərinin (tatarlarının) lideri, Ukrayna parlamentinin üzvü Mustafa Cəmilev (Krımoğlu) Nobel Sülh Mükafatına namizəd göstərilib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, onun namizədliyini tatarlara məxsus bir neçə təşkilat, o cümlədən Tatarıstanın Ağsaqqallar Şurası, Tatar İctimai Mərkəzi və Krım-Tatar Xalq Məclisi dəstəkləyib.
“Mustafa Cəmilevin mükafata ən layiqli namizədlərdən biri olmasına şübhə yoxdur” -deyə, təşkilatların birgə bəyanatında vurğulanıb.
M.Cəmilevin namizədliyini dəstəkləyən ictimai qurumlar bildirib ki, Krım tatarları onun sayəsində Ukrayna cəmiyyətinin ayrılmaz hissəsinə çevrilib.
Mustafa Cəmilev keçmiş SSRİ dövrünün tanımış dissidentlərindəndir. Onun ömrünün 15 ildən çoxu həbsxana və cəzaçəkmə düşərgələrində keçib. Stalin dövründə deportasiya olunmuş tatarların öz vətəninə, Krıma qayıtmasında onun əvəzsiz xidməti olub.
Krım tatarları liderinin Nobel Mükafatına namizədliyi 2009 və 2011-ci illərdə də irəli sürülüb.