Misirin keçmiş prezidenti Məhəmməd Mursi20 il müddətinə azadlıqdan məhrum edilib.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, M. Mursi 2012-ci ilin sonlarında prezident sarayının qarşısında keçirilən kütləvi aksiya zamanı nümayişçilərin öldürülməsində günahkar sayılıb. Həmin vaxt azı 10 nəfər ölüb.
M. Mursi ilə birlikdə “Müsəlman qardaşları”nın daha 12 lideri və fəal tərəfdarı da cəza alıb. Onlar da 20 il müddətinə azadlıqdan məhrum ediliblər.
“Müsəlman qardaşları” hərəkatı xalqı küçələrə çıxmağa və sabiq prezidentə dəstək verməyə çağırıb.
Qeyd edək ki, M. Mursi 2012-ci ildə Misir tarixində ilk dəfə olaraq demokratik yolla prezident seçilib. Lakin o, 1 ildən bir qədər çox hakimiyyətdə qala bilib. 2013-cü ilin yayında ölkədə hərbi çevriliş baş verib. Çevrilişdən sonra M. Mursi və “Müsəlman qardaşları”nın bir çox lideri həbs edilib. Onların cinayət işləri üzrə çıxarılmış ölüm hökmləri artıq icra olunmağa başlayıb.