Moskvada "Ramazan çadırı” quruldu
09 iyul 2015 04:28 (UTC +04:00)

Moskvada "Ramazan çadırı” quruldu

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iftar süfrəsində Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin, Rusiyada akkreditə olunmuş xarici ölkələrin səfirliklərinin, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə qonaqlar "Ramazan çadırı" qarşısında açılan fotosərgi ilə tanış olublar. Ekspozisiya birinci Avropa Oyunlarına, Azərbaycanın memarlıq və dini abidələrinə həsr olunub. Sonra Müqəddəs Qurani-Kərimdən surə və iftar duası oxunub. Həmvətənlərimiz və Moskva müsəlmanları Azərbaycan milli yeməklərinə və şirniyyatına qonaq olublar.

 

Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev, "İxlas" Fondunun sədri Anar Məmmədov çıxış ediblər. Onlar müsəlmanları bayram münasibətilə təbrik edərək, Azərbaycanda müqəddəs Ramazanın necə qeyd edilməsindən danışıblar.

 

İftarda Bakıda keçirilən I Avropa Oyunları barədə videoçarx nümayiş etdirilib. İştirakçılara "Baku", "Amor", "İrs" jurnallarının nüsxələri, Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş Azərbaycan haqqında yeni mətbu məhsulları, ölkəmiz haqqında multimedia diskləri və Azərbaycanın gözəl mənzərələrinin təsvir olunduğu açıqcalar paylanıb.İftar süfrəsini təşkil edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya xüsusi minnətdarlıq bildirilib.

 

Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 10 ildir ki, Rusiya Müftiləri Şurasının "Ramazan çadırı" layihəsində fəal iştirak edir və möminlər üçün iftar süfrəsi açır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar