Moldovada yanvarın 24-də planlaşdırılmış kütləvi etirazlarla əlaqədar Daxili İşlər Nazirliyinin bütün qüvvələri səfərbər olunub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Moldovada DİN rəhbəri Aleksandr Jizdan bildirib.
Məlumata görə, yanvarın 24-də Kişinyovda solçu müxalifət qüvvələri hökumət əleyhinə irimiqyaslı etiraz aksiyaları keçirəcək. Paralel olaraq, baş nazir Pavel Filipin rəhbərlik etdiyi yeni hökumətə dəstək aksiyasının da keçiriləcəyi nəzərdə tutulub.
Nazir aksiyaların təşkilatçılarına müraciət edərək, mitinqlərin keçirilməsinə görə məsuliyyəti öz üzərilərinə götürməyə çağırıb.
DİN rəhbəri aksiyalara qatılacaq vətəndaşları zorakılıq hərəkətlərindən çəkinməyə çağırıb.
Qeyd edək ki, müxalifət yeni seçilmiş Nazirlər Kabinetinə qarşı çıxış edərək, parlamentin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.