Moldova prezidenti Nikolay Timofti Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilməsinə göstəriş verib. Lent.az-ın “media forum”-a istinadən verdiyi məlumata görə, Ali Təhlükəsizlik Şurasının iclasında yeni müdafiə naziri Valeri Troenkonu təqdim edən Timofti ölkədə təxribatın istisna olunmadığını bildirib: “Moldova hakimiyyəti ölkədə təhlükəsizliyin qeydinə qabaqcadan qalmalıdır”.
Prezidentin bəyanatı Moldovanın Avropa Birliyi ilə assosiativ saziş imzalaması ərəfəsinə təsadüf edir.
Timofti regiondakı çətin vəziyyətdən və yaxın ölkələrin başına gələnlərdən narahat olduğunu vurğulayıb: “Ukrayna Krımı ona görə itirdi ki, ordusu çevik reaksiya verə bilmədi. Moldova ordusu da bir çox problemlərlə qarşılaşır və hakimiyyət çətinliklərin öhdəsindən gəlmək üçün əlindən gələni etməlidir”.
Prezident yeni müdafiə nazirini ölkənin maraqlarına qarşı çıxan hərbçilərdən imtina etməyə çağırıb.
Moldova ərazisində separatçı qurum var. Dnestr bölgəsi 1990-cı illərin əvvəllərində ölkədən ayrıldığını elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub. O zamandan qondarma rejimi Rusiya ordusu qoruyur.