Misirin devrilmiş prezidenti Məhəmməd Mursi edam cəzasına məhkum edilib. Misirdə seçkilərlə hakimiyyətə gələn ilk prezidenti Mursi "Həmasla kəşfiyyat əlaqəsi yaratmaq"da günahlandırılıb. Mursi ilə birlikdə "Müsəlman qardaşları" təşkilatının 17 rəhbərinə də edam cəzası verilib. Onların arasında təşkilatın lideri Məhəmməd Bədii də var.
Bundan başqa Mursi "25 yanvar inqilabı vaxtı həbsxanadan qaçmaq"da da günahlandırılaraq edam cəzası alıb.
Ümumilikdə 106 insana edam hökmü oxunub. Bu ağır cəzaya məhkum edilənlər arasında Qətərdə yerləşən Dünya Müsəlman Alimləri Birliyi təşkilatının başçısı Yusif Karadavi, Hürriyyət və Ədalət Partiyasının rəhbəri Saad əl-Katatni də var. Məhkumların sənədləri müftiyə göndərilib. Müftinin qərarından sonra məhkəmə son qərarını verəcək.
Bundan öncə Misir məhkəməsi Mursiyə "İttihadiyyə hadisələri" davasında 20 il həbs cəzası vermişdi. O "etirazçiları öldürməyə təşviq"də günahlandırılırdı. Mursi iki ayrı məsələdə də günahlandırılır.
Məhəmməd Mursinin müdafiə heyəti edam cəzasını siyasi qərar olaraq qiymətləndirib.
Qeyd edək ki, Mursi 2011-ci ilin aprelində “Müsəlman qardaşlar” hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyasına rəhbər seçilib. 2012-ci ildə Misir prezidenti seçilib. Lakin 2013-cü ilin iyun və iyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs olunub.