Qahirədə Misirin sabiq prezidenti Məhəmməd Mursinin tərəfdarları və polis qüvvələri arasında toqquşmalar baş verib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, şiddətli toqquşmalar, əsasən, Mursi tərəfdarlarının məhkəmənin qərarına qarşı etiraz aksiyası keçirdiyi Qahirənin Əl Mənsuriyə rayonunda baş verib.
Məlumata görə, hadisə yerinə cəlb olunmuş polis qüvvələri gözyaşardıcı qazdan istifadə edərək aksiyanı dağıtmağa çalışdıqda etirazçılardan biri atəş asayiş keşikçilərinə açıb. Nəticədə bir polis zabiti yaralanıb. Etirazçılardan 15 nəfəri saxlanılıb.
Təhrir meydanında istehkamçıların naməlum şəxslər tərəfindən quraşdırılmış 2 partlayıcı qurğunun zərərsizləşdirdiyi bildirir.
Həmçinin Mursi tərəfdarları etiraz əlaməti olaraq Qahirənin ətrafındakı dairəvi yolu bağlayıblar. Etirazçıların Qahirənin Əlf Maskan və Qisr Suis rayonlarında toplaşaraq yolu bağladığı, avtomobil təkərləri yandırdığı bildirilir.
Qeyd edək ki, Qahirə məhkəməsi bu gün Məhəmməd Mursini 20 il müddətinə həbs cəzasına məhkum edib.