İyunun 20-də yağış və dolu ilə müşayiət edilən qasırğa Gürcüstanın şərqində ciddi fəsadlar törədib.
APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, qasırğa Marneuli şəhərində binaların damını uçurub, ağacları yıxıb, yüksək gərginlikli elektrik xətlərini sıradan çıxarıb, yüzlərlə ev işıqsız qalıb.
“Mən uzun illərdi Marneulidə yaşayıram, lakin belə yağış və dolu ilə müşayiət olunan qasırğa görməmişəm”, deyə Marneuli bələdiyyə sədrinin müavini Temur Beridze bildirib. Onun sözlərinə görə, 20 dəqiqə ərzində yaşayış evlərinin birinci mərtəbələri və həyətyanı sahələri su basıb. Bir çox kəndlərdə meyvə ağacları, üzümlüklər və əkin sahələri məhv edilib. Hazırda dəymiş zərərin həcmi hesablanır.