Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda suvarma kanalının açılışı olub.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, suvarma üçün nəzərdə tutulan yeni kanal mənbəyini Ermənistandan alan Debeda çayından ayrılıb.
Kanal 1800 ailəni suvarma suyu ilə təmin edəcək. Kanalın açılışı ilə bağlı keçirilən mərasimdə Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili, rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev və Marneuli Meliorasiya sisitemini bərpa edən şirkətin direktoru Vaxtanq Qardapxadze iştirak ediblər.
Tədbirdə bildirilib ki, su kanalının bərpasına keçən il başlanılıb və layihə çərçivəsində Debeda çayından ayrılan bir çox kanallar və hidrotexniki qurğular təmizlənib. 14 kilometr uzunluğunda olan kanalın istifadəyə verilməsindən sonra 875 hektar yararlı kənd təsərrüfatı torpaqları suvarılacaq. Yeni suvarma kanalından azərbaycanlıların kompakt yaşadığı Qullar və Qırıxlı kəndlərinin əhalisi də istifadə edəcək.
Qeyd olunub ki, kanalın bərpa layihəsinin ümumi dəyəri 1 976 999 lari təşkil edib.