Britaniyanın xarici işlər naziri Uilyam Heyq ölkəsinin İranla münasibətlərin bərpasından danışıb. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, iyunun 17-də o,Britaniya parlamentində çıxış edərkən deyib ki, iyunun 14-də İranın xarici işlər naziri Məhəmmədcavad Zəriflə telefon söhbətində iki ölkə arasındakı münasibətləri müzakirə edib: “Hesab edirəm ki, hazırda Britaniyanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa etmək üçün münasib şərait yaranıb. İndi əlaqələrin bərpası üçün yaxşı zamandır. Britaniya ilkin mərhələdə Tehranda yığcam bir diplomatik nümayəndə heyəti saxlamağı qərara alıb”.
Xatırladaq ki, 2011-ci il noyabrın 29-da Britaniyanın İrandakı səfirliyi qarşısında etiraz aksiyası keçirən hakimiyyətyönlü tələbələr və “Bəsic” (İNqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası) üzvləri səfirlik binasını tutmuşdu.
İran Mərkəzi Bankına Britaniyanın sanksiya qoymasına etiraz edən həmin tələbələr səfirlikdəki krallığın bayrağını yandırıb yerinə İslam Respublikasını bayrağı sancmış, bir avtomobili və bəzi sənədləri yandırmış, bəzilərini özləri ilə aparmışdılar.
Həmin vaxtdan Britaniya öz diplomatlarını İrandan çıxarıb və bu ölkə ilə bütün əlaqələri dayandırdığını elan edib.