Liviya hökuməti ölkənin sonuncu kralı İdris Məhəmməd əs-Sanusinin haqlarının bərpası niyyətində olduğunu bildirib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, monarxın bütün əmlakı qanuni varisinə qaytarılacaq.
Mənbə bildirib ki, bu tədbirlər Liviya nazirlər kabinetinin «1969-cu ildə Qəddafi qiyamından zərər görmüş şəxslərin bəraəti haqqında» qərar layihəsində nəzərdə tutulub. Bundan başqa hökumət monarxa və onun qohumlarına Liviya vətəndaşlığını qaytarmağa da hazırlaşır.
İdris Məhəmməd əs-Sanusi 1951-ci ildə müstəqilliyini əldə edən ölkənin ilk kralı olub. O, 1969-cu ildə Müəmmar Qəddafinin başçılığı altında bir qrup zabitin qiyamı nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb.
Bu qiyamdan sonra onun bütün mal-mülki müsadirə edilib, özü və qohumlarının Liviya vətəndaşlığı alınaraq, ölkədən sürgün olunublar.
Kral 1983-cü ildə 93 yaşında Qahirədə, sürgündə vəfat edib.