"Əgər bizə hücum etsələr, əlbəttə ki, özümüzü qoruyacağıq".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Ukraynadakı Rusiya vətəndaşlarına qarşı güc tətbiqi Rusiyaya hücum sayılacaq.
Belə halda Ukraynaya qoşun yeridilməsinin beynəlxalq hüquqa uyğun olacağını deyən Rusiya XİN başçısı 2008-ci ilin yayında Cənubi Osetiyada baş verənləri xatırladıb.
S.Lavrov hazırda Rusiya qoşunlarının ölkə ərazisində olduğunu söyləyib: "Həmin qoşunlar beynəlxalq hüquqa zidd heç nə etmirlər. Onlar Ukrayna sərhədindən biraz aralıda təlimdə iştirak edirlər".
Nazir Rusiya qoşunlarının Ukrayna ərazisində olmaları ilə bağlı yayılan məlumatları təkzib edib: "Muşahidəçilər həmin regiondadırlar. Onların sübutu yoxdur. Rusiyaya qarşı yeganə sübut Ukraynada rus silahlarından istifadə edilməsidir. Halbuki Ukrayna ərazisində hər kəs Rusiya istehsalı silahdan istifadə edir. Ona görə də belə arqumentlər inandırıcı deyil".