Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cenevrədə bildirib ki, Rusiyanın Ukrayna ərazisinə qoşun yeritmək niyyəti yoxdur.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, rusiyalı nazir ölkə prezidenti Vladimir Putin kimi Ukraynada Rusiya hərbçilərinin mövcudluğunu təkzib edib.
“Qardaş xalqın, bizə dost olan dövlətin, Ukraynanın ərazisinə qoşun yeritmək həvəsimiz yoxdur. Bu, Rusiya Federasiyasının maraqlarına ziddir”-deyə, rusiyalı diplomat bəyan edib.
Aprelin 17-də Cenevrədə Ukraynadakı böhrana həsr olunan 4 tərəfli görüşdə ABŞ, Avropa Birliyi, Ukrayna və Rusiyanın xarici işlər nazirləri iştirak edib. Tərəflər yaranmış vəziyyətdən çıxış yolunu arayıblar.
Lavrov bildirib ki, bütün hallarda Ukraynada Konstitusiya islahatı keçirilməlidir: “Bu islahatlar çərçivəsində bütün bölgələrin, etnik qrupların, dil azlıqlarının haqları təmin olunmalıdır”.
Lavrov rəsmi Kiyevi Ukraynanın şərqində etiraz aksiyasında iştirak edənləri əfv, “qanunsuz silahlı birləşmələri tərk-silah” etməyə çağırıb.
“Tutulan binalar qanuni yiyəsinə qaytarılmalı, Ukraynanın bütün şəhərlərindəki küçə, meydan və başqa ictimai yerlər boşaldılmalıdır. Ağır cinayət törədənlər istisna edilməklə bütün etirazçılara amnistiya verilməlidir”-deyə, o, vurğulayıb.
Rusiyalı nazir bildirib ki, Cenevrə görüşünün iştirakçıları Ukraynada geniş miqyasda milli danışıqların başlaması mövqeyindən çıxış ediblər: “Təşkilati səbəblərə görə Ukraynanın cənub-şərq bölgəsinin təmsilçiləri bu toplantıda iştirak edə bilməyib”.