Rusiya tərəfindən ilhaq olunan Krım yarımadasında su çatışmazlığı ucbatından bütün çəltik sahələri yanıb.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, bu haqda “RİA Novosti” xəbər yayıb. Mənbə bildirib ki, soya və qarğıdalı sahələrinin də quruyacağı proqnozlaşdırılır.
Bölgənin Moskva tərəfindən təyin edilən naziri Nikolay Polyuşkin deyib: “Bundan sonra su verilsə belə biz çəltiyi xilas edə bilmərik. Odur ki, bu il biz çəltiyi yaddan çıxartmalıyıq”.
O, qeyd edib ki, yarımadakı düyü çatışmazlığını Krasnodardan tədarükün hesabına aradan qaldırmağı planlaşdırırlar.
“Əgər yarımadada orta hesabla 85-120 ton çəltik əldə edirdisə, Krasnodar diyarında azı bir milyon ton istehsal olunur”- deyə, o, bildirib.
Mənbə xatırladıb ki, Krım yarımadasının içməli suya olan ehtiyacının 85 faizini Şimali-Krım kanalı vasitəsi ilə Ukrayna təmin edirdi. Rusiyanın ilhaqından sonra yarımadaya su verilişi dayandırılıb.