BMT baş katibinin birinci müavini Yan Eliasson baş katibin özəl təmsilçisi Robert Serrinin Krımda qaçırılması ilə bağlı bir müddət öncə KİV-də yayılan xəbəri təsdiqləməyib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Eliasson deyib ki, təmsilçini naməlum silahlı şəxslər saxlayıblar. Ondan təcili olaraq, hava limanına gedib, Krımı tərk etməsini tələb ediblər. Həmin şəxslər R.Serrinin maşınını mühasirəyə alaraq, yerindən tərpənməyə imkan verməyiblər. Nəticədə o, maşını orada saxlayaraq, mehmanxanaya piyada getməyə məcbur olub.
Baş katibin birinci müavini bildirib ki, Seri «yaxşı formadadır» və hazırda oteldə təhlükəsizdir.
Baş verən olaya münasibət bildirən Eliasson hadisənin ciddi araşdırılmasına və müzakirəsinə ehtiyac olduğunu deyib.
Britaniyanın «ITV News» telekanalının olay yerində olan redaktoru bildirib ki, təmsilçi Krımı tərk edib. Robert Seri deyib ki, əgər yaranmış gərginliyin azalmasına xidmət edəcəksə, o zaman Krımı tərk etməyinə çox şaddır.