APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə Krım Tatarları Məclisinin mətbuat katibi Leyla Muslimova “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Krım-Ukrayna sərhədindəki Armyansk sərhəd-keçid məntəqəsinə yeridilən rus hərbçiləri M.Cəmilovun yarımadaya daxil olmasına icazə verməyiblər. M.Cəmilov onu qarşılamağa gələn soydaşlarının Krıma dönüşünə icazə verilməyincə, sərhəd-keçid məntəqəsini tərk etməyəcəyini bildirib. Bundan sonra rus hərbçiləri Krım tatarlarının geriyə dönüşünə icazə veriblər və M.Cəmilov Ukrayna ərazisinə geri qayıdıb.
Xatırladaq ki, M.Cəmilovun Rusiya Federasiyası ərazisinə girişi qadağan olunduqdan sonra APA-ya açıqlama verən tanınmış rusiyalı jurnalist, ORT telekanalının aparıcısı Maksim Şevçenko bu hadisəni kəskin pislədiyini bildirib: “Sərhəddə hansısa şəxslər Mustafa Cəmilova naməlum kağızlar təqdim edərək onu hədələyiblər. Rusiya dövlətinin bu hadisə ilə heç bir bağlılığı yoxdur”.
M.Şevçenkonun sözlərinə görə, bütün qeyri-stabil bölgələrdə olduğu kimi, Krımda da müxtəlif maraqları olan qruplar fəaliyyət göstərir: “Onlar Rusiya ilə razılaşdırmadan hansısa qadağalar tətbiq edirlər. Hesab edirəm ki, Mustafa Cəmilov başda olmaqla Krım siyasətçilərinə Krıma girişin qadağan olunması Rusiyanın maraqlarına ziddir”.
****
18:45
Rusiya Federasiyası ərazisinə girişi qadağan olunan Krım tatarlarının lideri Mustafa Krımoğlu Cəmilov bu gün Krıma qayıdıb.
APA-nın “UNİAN”a istinadən xəbərinə görə, bu barədə Krım Tatarları Məclisinin mətbuat katibi Leyla Muslimova məlumat verib.
Onun sözlərinə görə, bu gün səhər beş minə yaxın Krım tatarı Krım-Ukrayna sərhədindəki Armyansk sərhəd-keçid məntəqəsinə üz tutub. Orada Krım tatarları ilə canlı sədd quran sərhədçilər arasında toqquşma olub, atəş səsləri eşidilib. Sərhədçilər yalnız Krım Tatarları Məclisinin sədri Refat Çubarov və Krım baş nazirinin müavini Lenur İslamovun əyləşdiyi avtomobili buraxmağa razılaşıblar. Buna etiraz edən Krım tatarları canlı səddi aşaraq Mustafa Cəmilovun Krım ərazisinə keçidini təmin ediblər.
Qeyd edək ki, 3 May Krım tatarları tərəfindən Xıdırlez milli bayramı kimi qeyd olunur.