Krım Tatar Məclisinin Simferopolda bu gün səhər saatlarında başlayan iclası gərgin müzakirələrdən sonra başa çatıb.
APA-nın Simferopolda olan müxbirinin məlumatına görə, Məclis Krım Nazirlər Kabinetində tatarlara təklif olunan vəzifənin qəbul olunub-olunmaması məsələsi ilə bağlı qərar qəbul edib.
Qərara əsasən tatarlar yeni hökumətdə təmsil olunacaqlar. İclasın yekunları əsasında qəbul olunan bəyanatda bildirilir ki, tatarlar bu təklifi qəbul edir və bu vəzifəyə iki namizəd irəli sürürlər. Bunlardan bizi Məclis sədrinin müavini Zaur Smirnov, digəri isə Məclis üzvü Linur İslamovdur.
Krım Tatar Məclisinin sədri Refat Çubarov APA-ya açıqlamasında tatarlara Milli Məsələlər üzrə Komitənin sədri vəzifəsinin təklif olunduğunu deyib. Çubarov bu vəzifəni onun müavini Zaur Smirnovun tutacağını söyləyib. O bildirib ki, yeni hökumətdə təmsil olunmaq tatarlara xəyanət yox, Krımın gələcək taleyində yerli xalqın yaxından iştirak etməsi deməkdir.
Qeyd edək ki, toplantıda iştirak edən bəzi tatarlar yeni yaradılan Krım hökuməti ilə əməkdaşlığı məqbul saymayıblar. Onlar bunu ruslarla əməkdaşlıq kimi xarakterizə edərək tatar tarixinə xəyanət adlandırıblar və Məclis sədri Refat Çubarovu xəyanətdə ittiham ediblər.