Aprelin 21-də, Rusiya prezidenti Vladimir Putinin Stlain dövründə repressiyaya məruz qalmış Krım xalqlarının reabilitasiyası haqqında fərmanı imzaladığı gün, naməlum şəxslər Krım –Tatar Məclisinin binasına basqın edib.
Lent.az-ın “nyusur”-ya istinadən məlumatına görə, bu haqda Krım Fondunun baş direktoru, məclisin üzvü Rza Şevkiyev açıqlama verib.
Onun sözlərinə görə, maskalı naməlum şəxslər binaya basqın edərək, Ukraynanın bayrağını endirib. Basqın nəticəsində binanın gözətçisi Zodiyə Saliyeva, mətbuat katibi Liliya Müslimova və baş mühasib Marlen Seytalanova xəsarət alıb.
Mənbə bildirib ki, basqınçılar qadınlara fizik güc tətbiq edib. Xəsarət alanların sözlərinə görə, maskalılar məclis əməkdaşların təhqir edərək, müqavimət göstərdikləri üçün cəzalandırılacaqlarını deyiblər.
Liliya Müslimova bildirib ki, dünyada qadağan olunan yeganə bayraq faşist Almaniyasının atributudur, ona görə də dövlət bayrağı sayılmayan Ukraynanın bayrağının asılması cinayət deyil. Mətbuat katibi onu da vurğulayıb ki, Ukrayna bayrağını endirmək üçün məclisin binasına bir avtobus “Krım özünü müdafiə”çiləri basqın edib.
Məlumata əsasən, Məclisdə hazırda Krım-tatarlarının milli bayrağı asılıb.
Baş verən basqına münasibət bildirən, Vladimir Putinin Krıma başçı təyin etdiyi Sergey Aksyonov Krım türklərini “milli ədavət salmaqda» suçlayıb.
“Əgər məclis gələcəkdə də belə təhrikedici əməllər törədərsə, onda onlar ekstremist qrup olaraq, tanınacaqlar” -deyə, “Tvitter” səhifəsində o, yazıb.
Krımın başçısı yarımadanın Rusiyaya birləşdirilməsi ilə bağlı keçirilən “referendumun” nəticələrini xatırladaraq, türklərə məsləhət də verib: “97 faiz Rusiya tərəfdarıdır. Xoşunuz gəlmir, çıxın, gedin”.