ABŞ-ın Miçiqan ştatındakı Çarlz Stüart Mott adına Uşaq Xəstəxanasının professoru Qlenn Qrinin başçılığı ilə yeni anadan olmuş 3 körpə 3D printerdə çap olunmuş və sonradan uşaqlara köçürülmüş traxeya sayəsində xilas edilib.
Lent.az-ın AzərTAc-a istinadla xəbərinə görə, xilas edilən hər üç körpə traxeyanın arada bağlanması nəticəsində yaranan nəfəs və ürək çatışmazlığından əziyyət çəkirdi.
Mütəxəssislər təbii traxeyalarının dəqiq parametrlərini müəyyən etmək məqsədi ilə uşaqları kompyuter tomoqrafiyasından keçirib, sonra əldə edilən məlumatlara əsasən kompyuter modeli quraraq hər bir uşaq üçün 3D printerdə uyğun traxeya çap ediblər. Traxeyalar plastik tozu şüa vasitəsilə əridərək həcmli struktur yaradan lazer qaynağı texnologiyası ilə çap edilib.
Süni traxeyaların əsas hissəsi nəfəsalma prosesinin rahat olması üçün nəinki elastik, həmçinin uşaqlar böyüdükcə dartıla bilən formada hazırlanıb. Traxeyaların hazırlandığı polikaprolakton 3-4 ilə çürüyür. Həkimlərin fikrincə, həmin müddətədək uşaqların orqanizmi artıq müstəqil şəkildə işləməyə qadir olacaq.
Hazırda uşaqların vəziyyəti yaxşıdır və onlar xəstəxananı tərk edərək evdə yaşayırlar.