ABŞ-ın keçmiş prezidenti Bill Klinton və xanımı Hillari Ağ evdə yaşadıqları 8 il, ərzində nəinki pul toplaya bilməyiblər, əksinə dövlət başçısının iqamətgahı borcla tərk ediblər.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, “ABC” telekanalına müsahibəsində Hillari Klinton deyib: “Biz Ağ evdən təkcə pulsuz deyil, borcla ayrıldıq. Ora düşəndə də bizim pulumuz yox idi. Evin kreditini, Çelsinin (klintonların qızı -red.) təhsil haqqını ödəmək üçün biz hər qəpiyi də qənaətlə xərcləyirdik. İnandırım sizi, bu çox çətin idi”.
Xatırladaq ki, Demokratlar Partiyasından olan Bill Klinton 1993 - 2001-ci illərdə ABŞ prezidenti olub. Onların Ağ evdə 8 illik yaşaması Bill Klintonun prezidentliyi müddəti anlamındadır.
Aparıcı ABŞ-ın keçmiş dövlət katibi Hillar Klintondan soruşub: “Əriniz və siz kütləvi çıxışlar zamanı milyonlarla dollar qonorar qazanırsınız. Bununla belə ailənizin maliyyə sıxıntısından danışırsınız”.
H. Klinton deyib ki, çox vaxt pulsuz çıxış edir.
Yerli KİV bildirib ki, keçmiş dövlət katibinin kütləvi tədbirlərdə çıxışının qonorarı 200 min dollardır.
O, müsahibəsində 2016-cı ildə keçiriləcək prezident seçkisində iştirakı ilə bağlı sualı cavablandırarkən deyib ki, niyyətini 2014-cü ildən tez açıqlamayacaq.