Ukrayna Baş Prokurorluğu Kiyevin Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Gürcüstana ekstradisiyasından imtina etməsi barədə yayılam məlumatı təkzib edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukranews nəşri məlumat yayıb.
“Sorğu hazırda baxış mərhələsindədir. Araşdırma aparılır. Biz nə sorğuya imtina cavabı vermişik, nə də onu təmin etmişik”, deyə baş prokurorun müavini Vitali Kasko bildirib.
Qeyd edək ki, bundan əvvəl Gürcüstan mətbuatı bildirirdi ki, Kiyev Gürcüstan Baş Prokurorluğunun sabiq prezident Mixail Saakaşvilinin ekstradisiya edilməsinə dair müraciətinə imtina cavabı verib.
Ukrayna prezidenti fevralın 14-də barəsində Gürcüstanda axtarış elan olunmuş Mixail Saakaşvilinin özünün ştatdankənar müşaviri və prezident yanında islahatlar üzrə beynəlxalq məşvərət şurasının sədri təyin olunmasına dair fərman imzalayıb.