Ukrayna prezidenti Pyotr Poroşenko, onun fransalı həmkarı Fransua Olland və Almaniya kansleri Angela Merkel Minsk sazişinin müddəalarının həyata keçirilməsi üçün addımları müzakirə ediblər. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna XİN rəhbəri Pavel Klimkin bildirib.
“Minsk sazişinin həyata keçirilməsi üçün lazım olan addımlar müzakirə olunub. Qeyd edirəm: sazişin ayrı-ayrı müddəaları yox, bütün müddəalarının həyata keçirilməsi müzakirə olunub. Bunun menyu olmadığını siz bilirsiniz”, deyə Klimkin bildirib.
Almaniya kanslerinin dəftərxanası bundan əvvəl bildirmişdi ki, Merkel və Olland bu gen Moskvada keçiriləcək görüşdə Minsk sazişinin 12 müddəasının hamısını müzakirə etmək niyyətindədirlər.
Ukrayna prezidenti administrasiyasının rəhbərinin müavini Valeri Çalıy Minsk sazişinin həyata keçirilməsi ilə bağlı konkret təkliflərin müzakirə olunduğunu bildirib.
“Biz Minsk sazişindən imtina edə bilmərik, çünki orada bizi narahat edən məsələlər öz əksini tapıb. Biz memorandumda müəyyən olunmuş təmas xəttinə çıxmalı, silahların tədarükünə son qoymalı, sərhədi bağlamalı və atəşi dayandırmalıyıq”, deyə o yerli “1+1” telekanalına müsahibəsinə bildirib.
Çalıy qeyd edib ki, tərəflər həmçinin konkret nəticələrə nail olmaq üçün “normand formatı”nın (Rusiya, Ukrayna, Almaniya, Fransa) inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.