Londonda ABŞ-ın dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Ukraynadakı vəziyyətlə bağlı keçirilən görüş başa çatıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, görüşdən sonra rusiyalı diplomat uzun sürən müzakirəni «xeyirli» adlandırıb.
«Biz martın 16-da keçiriləcək referendumda Krım xalqının iradəsini ifadə etməsinə hörmət edəcəyik»-deyən Lavrov Ukraynanın şərqinə Moskvanın qoşun yeridiyi haqda yayılan xəbərləri təkzib edib.
Rusiyalı diplomat bildirib ki, Krım məsələsi ilə bağlı fikir ayrılığımız dəyişməyib: «Mövcud şəraitə bizim ümumi baxışımız yoxdur».
Lavrov Ukraynada konstitusiya islahatının keçirilməsinin, Kiyevin Moskva ilə birbaşa danışıqlar aparmasının vacibliyini də vurğulayıb.
Rusiyalı nazirin sözlərinə görə, danışıqlar zamanı Kerri Rusiyanı sanksiyalarla hədələməyib.