Ömürlük həbs cəzasına məhkum olunmuş Türkiyənin 7-ci prezidenti, 1980-ci il hərbi çevrilişinin təşkilatçısı Kənan Əvrən 98 yaşında vəfat edib. APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Kənan Əvrən 2012-ci ilin martından Ankarada hərbi-tibbi akademiyada müalicə keçib. Son günlər onun səhhətində ciddi problemlər yaranıb, onun süni nəfəs aparatına qoşulduğu bildirilir.
Hərbi çevrilişdən sonra prezident olmuş (1982-1989) general Kənan Əvrən onun hakimiyyəti dövründə konstitusiyaya edilmiş dəyişikliyə əsasən 2010-cu ilədək toxunulmazlıq statusuna malik olub. Bundan əvvəl Kənan Əvrən məhkəməyə cəlb olunacağı təqdirdə intihar edəcəyini bildirmişdi.
Kənan Əvrən 2014-cü ilin martında dövlətə qarşı cinayətlər törətməkdə təqsirli hesab edilərək hərbi rütbələrindən məhrum edilib. Əvrən və tərəfdaşları konstitusiyaya dəyişiklik etməkdə, qanuni hakimiyyəti devirmək məqsədi ilə çevriliş təşkil etməkdə, parlamentin buraxılmasında və 1980-83-cü illərdə hərbi rejim dövründə geniş şəkildə işgəncələr tətbiq etməkdə ittiham olunublar.