APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, işlə əlaqədar 3 fəhlə saxlanılıb.
İstintaqın versiyasına görə, onlar binanın damında qaz balonundan istifadə edərək təmir işləri aparıblar.
Digər saxlanılan şəxs isə Yanğına Nəzarət Dövlət Xidmətinin müfəttişidir.
Qeyd edək ki, bundan öncə 3 biznesmen saxlanılıb. Daha iki nəfər isə axtarışdadır. Onlardan biri Fransada yaşayan milyarder Aleksey Syomindir. O, “Admiral” ticarət mərkəzinin yerləşdiyi binanın mülkiyyətçisi olan şirkətin Direktorlar Şurasının sədridir.
Xatırladaq ki, azərbaycanlı sahibkara məxsus “Admiral” ticarət mərkəzində yanğın martın 11-də baş verib. Yanğın 4 min kv. m-lik ərazini əhatə edib. Hadisə zamanı xeyli sayda ölən və yaralananların olduğu bildirilir. Dağıntılar altından çıxarılan 17 meyitdən 16-nın şəxsiyyəti müəyyənləşdirilib. Ölənlər arasında 1995-ci il təvəllüdlü Paşayev Pərviz və 1961-ci il təvəllüdlü Muxtarova Tamilla da olub. Yaralananlar arasında isə Tağıyev Salam adlı həmyerlimiz var və onun səhhəti artıq yaxşılaşıb.