İranda islahatçı qəzetlərlə əməkdaşlıq edən gənc jurnalist Mərziyə Rəsuli cəzasını çəkmək üçün Tehranın Evin zindanına çağırılıb.
Şərti azadlıqda olan Mərziyə Rəsulinin üzərində 2 illik həbs və 50 şallaq zərbəsi cəzası var. Bu cəzalar hələ ki icraya yönəldilməyib.
Lent.az-ın “Media forum”-a istinadən məlumatına görə, Mərziyə Rəsuli iyulun 7-də “Tvitter” səhifəsində yazıb: “Mənə çıxarılan hökm təsdiq edilib. Sabah hökmün icrası üçün zindana getməliyəm. Onların mənimlə belə davranmalarının səbəbini bilmirəm. Deyəsən, mənə çıxarılan hökm təsdiqlənən kimi onu icraya yönəltmək istəyirlər”.
ETTELAAT-ın Tehran şöbəsinin əməkdaşları Mərziyə Rəsulini 2012-ci il yanvarın 17-də mənzilində tutub, Evin zindanına aparmışdılar. Jurnalist 40 gün həbsdə saxlandıqdan sonra 300 milyon tümənlik (təxminən 100 min dollar) mülk girovu qarşılığında şərti azadlığa buraxılmışdı.
Məhkəmə Mərziyə Rəsulini 2 illik həbsə və 50 şallaq zərbəsinə məhkum edərkən, onu “sistemə qarşı təbliğat aparmaqda, qanunsuz toplantılara qatılmaqla ictimai asayişi pozmaqda və ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda” təqsirli bilib.