Dünyada baş verən qlobal iqtisadi proseslər fonunda Avropa İttifaqını ciddi dəyişikliklər gözləyir.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker Fransanın “Fiqaro” qəzetinə müsahibəsində bəyan edib.
“Təqribən 30 ildən sonra Avropa İttifaqının heç bir ölkəsi dünyanın qabaqcıl dövlətləri klubu olan G7-də yer almayacaq", deyə J-K. Yunker bildirib. Onun sözlərinə görə, əgər 1900-cu ildə Avropada dünyanın 20% əhalisi yaşayırdısa, 2100-ci ildə bu göstərici cəmi 4% təşkil edəcək.
Həmçinin Avropa Komissiyasının sədri Yunanıstanın avrodan imtina etməsi və Avropa İttifaqından çıxması ehtimalına dair siyasi spekulyasiyaları yersiz hesab edib: “Biz onsuzda kiçik bir qitəyik. Parçalanma barədə müzakirələrin zamanı deyil”.