Milanda “Ekspo-2015” beynəlxalq sərginin açılmasına etiraz edən yüzlərlə sakin küçələrə çıxıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polis əməkdaşları şəhərin mərkəzinə aparan yolları bağlayıb, aksiyanın keçirildiyi müddət ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bəzi yerli KİV-lər aksiyada 2 minədək etirazçının iştirak etdiyini bildirir.
Məlumata görə, etirazçılarda bir neçəsi Enel energetika şirkətinin mağazasına və yerli banklardan birinin pəncərələrinə boya atıblar, Manpower şirkətinin ofisinə yumurta atıblar.
Qloballaşdırma əleyhdarları və ətraf mühit müdafiəçiləri sərginin açılacağı gün - mayın 1-də daha izdihamlı aksiyanın keçiriləcəyi planlaşdırır. Etiraz aksiyasında “No Expo” qrupunun on minlərlə tərəfdarı iştirak edəcək.
Etirazlara baxmayaraq, İtaliyanın baş naziri Matteo Rentsi keçiriləcək sərgini uzun sürən böhrandan İtaliya iqtisadiyyatının dirçəlişinin rəmzi kimi qiymətləndirib. Sərgiyə 20 mln nəfərin baş çəkəcəyi ehtimal olunur.
“Ekspo 2015” sərgisi Milanda mayın 1-dən oktyabrın 31-dək davam edəcək. Tədbirlə əlaqədar şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.