“Alitalia” hava şirkətinin Roma-Palermo müntəzəm reysi ilə uçan sərnişinləri təyyarənin göyərtəsində İtaliyanın yeni prezidenti Serdjo Mattarellanı görəndə təəccübləniblər.
Lent.az-ın Modern.az-a istinadən verdiyi xəbərə görə, iki həftə əvvəl bu vəzifəyə seçilən dövlət başçısı Romadakı Fyumiçino hava limanına uçuşa 35 dəqiqə qalanda gəlib.
Yerli uçuşların həyata keçirildiyi 1 nömrəli terminala daxil olan Mattarella mühafizəçilərinin müşayiəti ilə xüsusi zala keçərək reysi gözləyib. Təyyarəyə minik elan olunandan sonra İtaliyanın 12-ci prezidenti 200 sərnişinlə birgə göyərtəyə qalxıb. Təyyarənin kapitanı şəxsən prezidenti salamlayıb, “Alitalia” şirkəti isə özünün Twitter-dəki mikrobloqunda əlini yelləyən yerdə fotosunu yerləşdirib: “Adi sərnişin, xüsusi persona. Prezident yaxşı yol”.
“II Messaggero” qəzetinin qeyd etdiyinə görə, respublika tarixində ilk dəfə dövlət başçısı öz səfəri üçün xüsusi təyyarə yox, adi reysi seçir.