İstanbulun mərkəzində polis şöbəsinin qarşısında törədilmiş partlayış nəticəsində ağır yaralanan asayiş keşikçisi ölüb. APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, partlayışın qadın-kamikadze tərəfindən törədildiyi məlum olub. Məlumata görə, şəxsiyyəti hələlik məlum olmayan qadın İstanbulun tarixi mərkəzindəki Sultanahmet meydanı yaxınlığında Turizm Polisi İdarəsinin növbətçi postuna yaxınlaşaraq, ingilis dilində çantasının itdiyini bildirib və içəri daxil olmağa cəhd edib. Lakin polis onu dayandırdıqda o, üzərinə quraşdırılmış partlayıcı qurğunu işə salıb.
Partlayış nəticəsində terrorçu-qadın hadisə yerində ölüb, ağır yaralar almış polis məmuru Kənan Kumaş xəstəxanaya çatdırılsa da həkimlər onun həyatının xilas edə bilməyib. Partlayış nəticəsində daha bir polis əməkdaşı yaralanıb.
İstanbul valisi Vasip Şahin qadın-kamikadzenin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparıldığını bildirib.
*** 20.45
İstanbulun tarixi Sultanahmet rayonunda naməlum silahlı şəxs turizm polisi şöbəsinin qarşısındakı növbətçi postunda hücum edərək partlayış törədib. APA-nın “Hürriyet”e istinadən verdiyi xəbərə görə, nəticədə 2-si polis əməkdaşı və biri qadın olmaqla 3 nəfər yaralanıb. Polislərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə həkim briqadaları və polis qüvvələri cəlb olunub. Hadisə yerinə aparan küçələr nəzarətə götürülüb.
Məlumata görə, silahlı terrorçu idarəyə daxil olmağa cəhd etdikdə, növbətçi polis əməkdaşlarının müqaviməti ilə üzləşib və atəş açaraq, qumbara partladıb. Hadisənin digər təfərrüatları hələlik açıqlanmır.