APA-nın “FoxNews”a istinadən verdiyi məlumata görə, İspaniya Olimpiya Komitəsinin prezidenti Alexandro Blanko tərəfindən təşkil olunan tədbirdə çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev 2 həftədən sonra Azərbaycanın Avropa idmanı sahəsində tarix yazacağını deyib: “Bu idman yarışının keçirilməsi ideyası İspaniyada yaranıb. Ona görə də bizim bu tədbirlə xüsusi bağlılığımız var. Bu yarış mədəniyyətlərin qarışmasına imkan yaradır. Biz bu mesajı bütün dünyaya göndərmək istəyirik. Avropa Oyunları ölkəmizi tanıtmaq baxımından unikal imkan olacaq. Azərbaycanla İspaniyanı idman qədər bağlayan digər sahə yoxdur”.
Tədbirdə çıxış edən İspaniya Olimpiya Komitəsinin prezidenti Alexandro Blanko Avropanın idman üçün ən vacib qitə olduğunu bildirib: "Baxmayaraq ki, Azərbaycan komandası bu yarışı keçirmək hüququ qazanmasından yalnız 2 il yarım vaxt keçib, bu oyun təşkilat üçün standartları müəyyən edəcək”.
Qeyd olunub ki, ilk Avropa Oyunlarında İspaniya 214 idmançı ilə təmsil olunacaq.