“1988-ci ildə Əfqanıstanın şərqindəki Xost rayonundakı Mücahidin düşərgələrində olduğuM zaman orada bəzi gənc ərəbləri görmüşdüm. Bildiyiniz kimi, görünüş etibarilə əfqanlar və ərəblər fərqlənirlər. Onları sorğu-sual edib məlumat aldım. Ərəb olduqlarını dedilər. Ruslara qarşı apardıqları mübarizənin cihad olduğuna inanırdılar. Əminəm ki, əsl adı İbrahim Bədri əl-Samari olan Əbubəkr əl-Bağdadi də həmin düşərgələrdə təlim keçmişdi”. Lent.az-ın xəbərinə görə, bu sözləri “Anadolu” agentliyinə açıqlamasında Pakistan hərbi təhlükəsizlik komitəsinin keçmiş sədri, general Həmid Qul bildirib.
Təqaüddə olan general Həmid Qulun 1979-1989-cu illərdə Əfqanıstanı işğal etmiş Sovet ordusuna qarşı vuruşan silahlı qrupların təşkilatlanmasında böyük rolu olub.
İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadiyə gəlincə, onun haqqında indiyə kimi rəsmi mənbələrdən heç bir məlumat verilməyib. Mediada yazılanlara görə, əl-Bağdadi 1971-ci ildə Bağdadın şimalındakı Samarra şəhərində anadan olub. Əsl adı İbrahim Avvad İbrahim Əli əl-Bədri olan Bağdadi paytaxt Bağdaddakı universitetlərdən birində islami elmlər üzrə doktoranturanı bitirib. Bağdadi sonradan elə həmin universitetdə elmi işçi olaraq çalışıb.
2003-cü ildə məsciddə çalışan əl-Bağdadi ABŞ-ın İraqı işğalı etdiyi dövrdə müqavimət hərəkatına dəstək verib. “New York Times” qəzetinin yazdığına görə, 2004-cü ildə Fəllucə yaxınlığındakı bir evə təşkil olunan hücum zamanı Bağdadi həbs olunub. İŞİD lideri 2009-cu ilə qədər Bağdadın cənubundakı Bucca hərbi həbsxanasında saxlanılıb. Bağdadinin Bucca həbsxanasında saxlanıldığı şəraitlə bağlı məlumatlar hələ də gizli saxlanılır.
Bucca həbsxanasında çalışmış amerikalı zabit Kennet King “Daily Beast” xəbər saytına verdiyi müsahibəsidə Bağdadinin 2009-cu ilə qədər həbsdə olduğunu təsdiqləyib: “Buccadakı dustaqların İraq hakimiyyətinin nəzarətinə verilməsindən sonra əl-Bağdadi azadlığa buraxılıb. Hətta o, azad olunan vaxt mənə “Nyu Yorkda görüşəcəyik” demişdi”.
Yayılan iddialara ABŞ hakimiyyəti konkret münasibət bildirmir. ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki bu il iyulun 7-də keçirdiyi brifinqdə Bağdadinin ABŞ tərəfindən həbs olunduğu barədə sualı nə təsdiq, nə də təkzib edib.
Mətbuatda Bağdadiyə aid iki fotodan istifadə olunub. Fotolardan biri İraq hakimiyyəti tərəfindən yayımlanıb. İkinci foto isə ABŞ-ın axtardığı cinayətkarlar siyahısından götürülüb.
Bundan başqa, Bağdadiyə məxsus olduğu irəli sürülən video görüntü də var. İŞİD tərəfindən bu il iyulun 5-də Mosulda cümə xütbəsində çəkildiyi iddia olunan videodakı şəxsin əl-Bağdadi olduğu ABŞ rəsmiləri tərəfindən təsdiq olunub.
Bir neçə gün öncə PKK terror qruplaşmasının qolu olan PYD və YPG silahlı qruplaşmaları Əbubəkr əl-Bağdadinin meyitinin fotolarını paylaşıb.