İŞİD terror qruplaşmasının üzvü olduğu ehtimal edilən şəxsə qarşı istintaq aparılır. Lent.az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, onun Almaniya prezidenti Yoahim Qauka qarşı sui-qəsd hazırlığında olduğu bildirilir. Musavat.com xəbər verir ki, məlumatı "Berliner Morgenpost" və "Der Westen" qəzetləri yayıb.
Ehtimal olunan terrorçu İraq vətəndaşıdır. O, 2014-cü il martın 21-də həbs edilib. Üzərində axtarış aparılarkən ondan mobil telefon götürülüb. Telefonun kartoqrafik xidmətində Suriya ərazisində əvvəllər terror aktı törədilmiş üç, Almaniyada isə üç yer müəyyən edilib. Almaniyadakı yerlər arasında Almaniya prezidenti Yoahim Qaukun Berlin iqamətgahı da var. Bu, qəzetlərə Almaniya prezidentinə qarşı terror aktının hazırlanmasını ehtimal etmək üçün əsas verib.
Almaniyanın Karlsrue prokurorluğunda İŞİD-çinin istintaqı barədə məlumatı təsdiqləsələr də, istintaqın gedişi barədə heç bir məlumat verməyiblər.