Suriya Hərbi Hava Qüvvələri “İslam dövləti”nin (İŞİD) səhra komandirlərinin iclas keçirdiyi qərargahı məhv ediblər.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Suriyanın döyüş təyyarələri adıçəkilən silahlı qruplaşmanın Muhəsən şəhərində yerləşən qərargahına zərbələr endirib.
Livanın “əl-Manar” telekanalı bildirib ki, hava reydi zamanı “İslam dövləti”nin operativ iclas keçirən səhra komandirləri də ölüblər. Qeyd olunub ki, hazırda qruplaşma üzvləri hökumət qüvvələrinin Deyr-əz-Zor vilayətindəki mövqelərinə hücuma hazırlaşırlar.
Muhasanda iclasa “xəlifə” Əbu Bəkr əl-Bağdadinin yaxın adamlarından Abu Nidal adlı komandirin rəhbərlik etdiyi, amma onun öldüyü barədə məlumatın olmadığı deyilir.
“Əs-Safir” qəzetinin yaydığı məlumata görə, Suriya ordusuna terrorçuların mövqeləri barədə məlumat ABŞ və İraq qoşunlarının Bağdad və Ərbildəki birgə qərargahından ötürülüb. Suriya və ABŞ hərbçiləri arasında birbaşa təmasın olmadığı qeyd olunur.