ABŞ prezidenti Barak Obama Suriyada İŞİD silahlıları tərəfindən girov götürülən amerikalı Kayla Müllerin öldürüldüyünü təsdiqləyib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, 26 yaşlı humanitar yardım işçisi olan Kayla Müllerin ailəsi də onun öldüyünü bildirib. Məlumata görə, Kayla Müllerin girovluqda yaxınlarına yazdığı məktublar ailəsinə təqdim olunub.
“CNN” telekanalı İŞİD silahlılarının Kayla Müllerin ölümündən sonrakı şəkillərini ailəsinə göndərdiyini bildirib.
Şimali Arizona Universitetinin məzunu Kayla Müller qaçqınlarla işləmək üçün Türkiyə-Suriya sərhədinə ilk dəfə 2012-ci ildə gəlib.
O 2013-cü ildə Hələbdə İŞİD silahlıları tərəfindən girov götürülüb.
İŞİD bundan əvvəl iddia edirdi ki, Kayla Müllerin İordaniyanın hava zərbələri zamanı saxlanıldığı binanın uçması nəticəsində ölüb.