İŞİD döyüşçülərinin maaşı iki dəfə azalıb.
Bu barədə terrorçu dəstənin “xəzinədarlığının” yaydığı sənədə istinadən The Independent xəbər verib.
Əmrdə deyilir: “İŞİD-in üz-üzə qaldığı müstəsna vəziyyətlə əlaqədar bütün mücahidlərə ödənilən maaşların aşağı salınması qərara alınıb. Bu qərar tutduğu mövqedən asılı olmayaraq hamıya aiddir”.
Sənəddə Qurandan ayələr qeyd olunmaqla yanaşı, “var-dövlət uğrunda cihad” və “ruh uğrunda cihad” barədə fikirlər əksini tapıb. Həmçinin qeyd olunub ki, ayda iki dəfə ərzaq paylanmasına davam ediləcək.
Yanvarın 11-də ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İraq ərazisində İŞİD-in pullarının saxlandığı anbarı betonu dəlib keçən iki raketlə bombardman etmişdi. Bunun nəticəsində yeraltı anbar tamamilə dağıdılmış, orada saxlanılan əskinaslar məhv edilmişdi.
ABŞ-ın Müdafiə Nazirliyinin rəsmisi bu pullarla bağlı deyib: “Bizim dəyərləndirmələrimizə görə, vurulan zərər milyonlarla dolar həcmindədir. Bu vəsaitlər qeyri-qanuni yollarla – talançılıq, quldurluq, həmçinin neft satışı yolu ilə əldə olunub”.
Koalisiya qüvvələri eyni zamanda İŞİD-in neft hasilatı infrastrukturunu da darmadağın edir. (virtualaz.org)