İraq NATO-ya Türkiyədən şikayət etdi
08 dekabr 2015 22:59 (UTC +04:00)

İraq NATO-ya Türkiyədən şikayət etdi

İraqın baş naziri Heydər əl-Abadi NATO-ya müraciət edərək, hərbçilərin ölkənin şimalından dərhal çıxarılmasına dair Türkiyəyə təsir etməyə çağırıb.  

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İraq hökumətinin yaydığı bəyanatda bildirilir. Sənəddə qeyd edilir ki, məsələ ilə bağlı Heydər əl-Abadi və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.   

 

“NATO öz təsir vasitələrindən istifadə edərək Türkiyəni hərbçilərin İraqdan dərhal çıxarılmasına məcbur etməlidir”, deyə İraq hökumətinin Ankaraya verdiyi 48 saatlıq ultimatumun vaxtı başa çatdıqdan sonra rəsmi Bağdadın yaydığı bəyanatda qeyd olunub.  

 

Qeyd edək ki, Türkiyə dekabrın 4-də 130 hərbçidən, tanklardan və artilleriyadan ibarət birləşməsini İraqın şimalında yerləşdirib. Türkiyə rəhbərliyi bu addımın İŞİD hücumuna qarşı təhlükəsizliyi artırmaq məqsədi daşıdığını bildirib.  İraq XİN-i dekabrın 5-də Türkiyə səfirindən türk hərbçilərinin ölkənin şimalından dərhal çıxarılmasını tələb edib.  

 

Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün açıqlamasında türk hərbçilərin İraqın şimalında yerləşdirilməsinin İŞİD hücumuna qarşı təhlükəsizliyi artırmaq məqsədi daşıdığını bildirib:  “Mosulda əsgərlərimizin sayını artırdıq. İŞİD hücumuna qarşı təhlükəsizliyi artırmaq məqsədi daşıyır”.

 O, Türkiyənin kiminsə torpağında gözü olmadığını vurğulayıb: “İraqa 1,5 ildən çoxdur hərbi təlim veririk. Sincarın azad olunması zamanı məhz bizim həmin təlim düşərgələrində təlim keçdiyimiz qüvvələr əsas rol oynadı. İndiyə qədər 2 min nəfərə təlim keçilib. Türkiyənin məqsədi bu bölgədə insanları terror təşkilatlarından qorumaqdır. Bu barədə İraq baş nazirinə məktub yazdım. Ən qısa müddətdə Bağdada səfər də edəcəyəm. Türkiyə hər yerə sülh aparır, biz hər yerdə terrora qarşıyıq”.

 

Türkiyə XİN-in sözçüsü Tanju Bilgiç isə İraqdakı türk hərbçilərini geri çağırmayacaqlarını, lakin əlavə qüvvə göndərməyi dayandırdıqlarını açıqlayıb. Xatırladaq ki, İraq hökuməti Türkiyədən 48 saat ərzində qüvvələrini İraq ərazisindən çıxarmasını tələb etmişdi. Ultimatumun vaxtı bu gün başa çatıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar