İranın BMT-yə təyin olunan yeni səfiri Həmid Əbutalibinin ölkəyə girişinə qadağa qoyulması ilə bağlı ABŞ Senatının respublikaçı senatoru Ted Kruz tərəfindən irəli sürülən qanun layihəsi qəbul edilib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, amerikalı senatorlar Həmid Əbutalibi terrorçuluqda, 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin işğalında əli olmaqda günahlandırıb.
Texas ştatının senatoru Ted Kruz təklif etdiyi qanun layihəsi tanınmış terrorçuların ABŞ-a girişinə, əsas qərargahı Nyu-Yorkda olan BMT-də fəaliyyət göstərməsini yasaqlayır.
Demokratlar Partiyasından olan senator Çarlz Şumer isə jurnalistlərə açıqlamasında deyib ki, ABŞ-ın Tehrandakı səfirliyinin işğalında əli olan Həmid Əbutalibinin ölkəyə girişinə yol verilməməlidir: “Biz bütün qapıları onun və belələrinin üzünə bağlamalıyıq. Bu addımı onların ABŞ-a girişindən öncə atmalıyıq. Qanun layihəsini qəbul edilməsində də əsas məqsəd budur”.
Həmid Əbutalibi isə jurnalistlərə açıqlamasında ABŞ-ın Tehrandakı səfirliyinin işğalında rolu olmadığını bildirib.
Layihə ABŞ Nümayəndələr Palatası və prezident tətrəfindən təsdiqləndikdən sonra qüvvəyə minə bilər.
Xatırladaq ki, 1979-cu il inqilabında ayətullah Xomeyninin tərəfdarı olan tələbə-gənclər ABŞ İrandakı səfirliyinin 52 əməkdaşını 444 gün girov saxlamışdı.