İran həbsxanasında daha iki azərbaycanlı fəal aclıq aksiyasına başlayıb. APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, Həmid Mənafi Nadarlı (Erkin) ailəsi ilə telefon əlaqəsi zamanı Mahmud Ocaqlu ilə birlikdə mayın 8-dən etibarən barələrindəki həbs-qətimkan tədbirinin dəyişməməsinə etiraz olaraq bu addımı atdıqlarını bildirib. Hər iki azərbaycanlı fəal hazırda Tehranın Evin həbsxanasının maliyyə bölməsində saxlanılır. H.M.Nadarlı bundan əvvəl aprelin 22-də digər azərbaycanlı fəal Behnam Şeyxiyə dəstək məqsədilə aclıq aksiyası keçirib və səhhəti ağırlaşdığından Tehranın Evin həbsxanasının klinikasına yerləşdirilib.
Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları H. M. Nadarlını martın 8-də səhər saatlarında mağazasında həbs ediblər. O, İran təhlükəsizlik qüvvələrinin Tehran yaxınlığında sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edən Nəsimşəhr rayonunda 21 fevral – Ümumdünya Ana Dili Günü münasibətilə keçirilən mərasimə hücumu zamanı başından yaralanıb. Azərbaycanlı fəal indiyədək Tehranın Evin həbsxanasının 209-cu bəndində saxlanılıb. H.M.Nadarlı bundan əvvəl də 2011-ci il sentyabrın 2-də İran hökumətinin Urmiya gölünün qurumasına laqeyd münasibətinə etiraz olaraq Təbriz şəhərində keçirilmiş kütləvi aksiyalarda iştirak etdiyinə görə həbs edilib. O, 20 günə yaxın təcridxanada saxlanıldıqdan sonra 40 milyon tümən mülk girovu qarşılığında azadlığa buraxılıb.
ETTELAAT-ın Tehran şöbəsinin əməkdaşları Mahmud Ocaqlunu isə martın 9-da iş yerində həbs edib. Azərbaycanlı fəal bundan əvvəl də 2011-ci ilin mayında Əbülfəzl Mirzəxanlu ilə birlikdə Tehran şəhərinin Baharistan rayonunda Sulduz şəhidlərini anma mərasimi zamanı həbs edilib. O, həmçinin 2009-cu ilin iyununda Tehranda həbs edilib və Evin həbsxanasının 209-cu bölməsinə salınıb. M.Ocaqlu 63 gün təcridxanada saxlanıldıqdan sonra mülk girovu qarşılığında azadlığa buraxılıb.