Martın 17-də Vyanada İran xarici işlər naziri Məhəmmədcavad Zəriflə Avropa Birliyinin ali komissarı Ketrin Eşton arasında qeyri-rəsmi şam yeməyi olmalı imiş.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, iranlı diplomat etiraz olaraq, ABŞ təmsilçisi ilə şam yeməyindən imtina edib.
Mənbə bildirib ki, buna səbəb kimi Tehrana səfəri zamanı Eştonun hüquq müdafiəçisi ilə görüşməsidir. İran tərəfi iddia edib ki, avropalı qonaq bu görüş Tehran hakimiyyəti ilə öncədən razılaşdırılmalı imiş.
Xatırladaq ki, Tehrana səfəri zamanı Ketrin Eştonun azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi və il yarım əvvəl zindanda işgəncələr altında öldürülmüş bloqçu Səttar Behiştinin anası Gövhər Eşqi ilə görüşmüşdü.
O, Nərgiz Məhəmmədi və Gövhər Eşqini martın 9-da Avstriyanın Tehrandakı səfirliyində qəbul edərək, Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən görüşdə Eşton İranda qadınların durumu və insan hüquqlarının pozulması halları ilə maraqlanıb.
Eştonun qadın hüquq müdafiəçiləri ilə görüşündən sonra İran rəsmiləri bu hərəkəti kəskin pisləyiblər.
İran Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini Məsud Cəzayiri martın 10-da jurnalistlərə açıqlamasında görüşü məhkum edib: “Eştonun bu kimi şəxslərlə görüşü onun beynəlxalq diplomatiya qaydalarını pozması deməkdir. Bu həm də onların bizim daxili işlərimizə növbəti müdaxiləsinə bir zəmindir. Bunun qarşısı alınmalıdır. Yaxşısı budur ki, Eşton gedib Avropa Birliyindəki qadınların problemləri ilə məşğul olsun”.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm martın 10-da jurnalistlərə açıqlamasında deyib ki, bu görüş rəsmi Tehranla koordinasiya edilməyib: “Eştonun bu hərəkəti xalqımızın Qərbə olan şübhəsini daha da artıracaq. Bu əməl İranla Avropa Birliyi münasibətlərinin yaxşılaşdırılmasına yardım etməyəcək”.
Bir sıra iranlı deputatlar, o sıradan Ruhullah Hüseynian, İsmayıl Kövsəri məsələyə münasibət bildirərək, Eştonun iranlı hüquq müdafiəçiləri ilə görüşünü pisləyiblər.
İran məclisinin sədri Əli Laricani parlament iclasında deyib: “Eştonun 2009-cu ildəki fitnənin iştirakçısı olan bu məhkum şəxslərlə oğruncasına görüşməsi yaxşı iş deyildi. Bu çirkin bir addım idi. Eştonun bu əməli Avropa Birliyinin şəninə uyğun hərəkət deyildi. Kimlərlə görüşmək istəyirdilərsə, bunu qabaqcadan protokol əsasında İran Xarici İşlər Nazirliyinə xəbər verməli idilər. Onlar bilmir ki, bu kimi işlərlə yalnız öz şən və etibarlarına xələl gətirirlər”.