İran İŞİD-ə qarşı İran İslam Şam Dövləti təşkilatını qurub. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, "əl-Xorasani Diviziyası" adı verilən təşkilatın qurulmasına 9 ay vaxt sərf edilib, ağır silahlarla təchiz olunub. Öz içərisində parlamenti olan təşkilatın İŞİD-in klonu olduğu bildirilir.
Təşkilatın əsas hədəfi Nəcəf-Kərbala-Bağdadı qorumaq və İŞİD-in kökünü kəsməkdir. "Əl-Xorasani Diviziyası"nın döyüşçüləri Tikrit şəhərinin azad edilməsində də aktiv iştirak edir. Döyüşlərdə onların ən öndə vuruşduqları deyilir.
Təşkilatın qurucularından olan iranlı general Həmid Təqavi bir müddət əvvəl İraqda öldürülüb. Xorasani döyüşçülərinin qərargahı Bağdadın şərqində yerləşir. Təşkilat İŞİD kimi dövlət formasında qurulub. Lideri Seyid Əli Yasəri ötən ilin noyabr ayında Diyalada ayağından vurulduğu üçün çəliklə hərəkət edir.
Bölgədən gələn məlumatlarda bildirilir ki, təşkilatın döyüşçüləri son model Mitsubishi və Hyundai avtomobilləri sürür, əllərində çoxlu sayda Kalaşnikov avtomat, Draqunov tipli snayper, raket və piyada tüfəngi var.
Təşkilatın İŞİD terrorçularının Mosulu ələ keçirməsindən sonra Tehranın qorxuya düşməsindən sonra yaradıldığı bildirilir.
Ekspertlər belə bir təşkilatın yaradılması üçün illər, bu qədər hərbi sursat üçünsə milyonlarla dollar lazım olduğunu vurğulayır.