İngiltərə Mühafizəkarlar Partiyasından olan nazir Brooks Newmark jurnalistin “toruna düşdüyü üçün” istefa vermək məcburiyyətində qaldı.
Lent.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, “Sunday Mirror” qəzetinin bir kişi əməkdaşı özünü qadın kimi təqdim edərək, nazirlə yazışmağa başlayıb. İddiaya görə, nazir jurnalistin telefonuna çılpaq fotolarını göndərəndən sonra o, özünü təqdim edib.
56 yaşlı, 4 oğlu və bir qızı olan siyasətçinin jurnalistə “Twitter” üzərindən də xeyli intim məzmunlu mesaj göndərdiyi bəlli olub.
Olayın ortaya çıxmasından dərhal sonra B. Newmark istefa ərizəsi yazıb. O, ərizəsində də “bazar günü haqqında bir xəbərin yayılacağı barədə məlumat alandan sonra istefa vermək barədə qərar qəbul etdiyini” qeyd edib: “Bu çətin günlərdə ailəmin özəl həyatına və gizlilik hüququna sayğı duyulmasını rica edirəm. Mən hələ də bu hökumətin sadiq dəstəkçisiyəm ”.
İngiltərə baş naziri Devid Kameron Newmarkın istefasına və olaya heç bir münasibət bildirməyib.