İndoneziyada ötən gün 8-i əcnəbi olmaqla 9 məhbus barəsində ölüm hökmü icra edilib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə yerli KİV-lər məlumat yayıb.
Məlumata görə, güllələnməklə edam olunanlardan ikisi avstraliyalı, dördü nigeriyalı, biri Braziliya, biri Filippin, biri isə İndoneziya vətəndaşlarıdır. Onların hamısı narkotik maddələrin qaçaqmalçılığında müqəssir hesab olunaraq ölüm cəzasına məhkum ediliblər. Edam edilən Filippin vətəndaşı qadındır. Edam ediləcək şəxslər siyahısında bir fransalı da olub, lakin son anda onun apelyasiya şikayəti baxılması üçün icraata götürülüb. Bu səbəbdən onun barəsində ölüm hökmünün icrası təxirə salınıb.
Edam ölüm cəzasına məhkum olunmuş məhbusların saxlanıldığı ciddi rejimli həbsxananın yerləşdiyi Nusakambanqan adasında icra edilib.
Ekspertlər əcnəbilərin edam edilməsinin İndoneziyanın bir neçə xarici ölkə ilə münasibətlərinin pozulmasına səbəb olacağını proqnozlaşdırır.
Qeyd edək ki, bu ilin yanvarında İndoneziyada çoxillik fasilədən sonra 5 əcnəbi – Braziliya, Vyetnam, Nigeriya, Niderland və Malavi vətəndaşları edam edilib. Bundan sonra Braziliya Cakartadakı səfirini geri çağırıb. İndoneziyanın səfiri də Braziliyanı tərk etmək məcburiyyətində qalıb.
Hazırda İndoneziyanın həbsxanalarında 135 nəfər edam hökmünün icrasını gözləyir. Onlardan 60 nəfəri əcnəbidir.