Məşhur ingilis fizik Stiven Hokinq yadplanetlilər mövzusunda insanlara xəbərdarlıq edib.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, Hokinq İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibədə bu barədə danışıb. Məşhur fizik bildirib ki, insanların bu istiqamətdə apardığı araşdırmalar sivilizasiyanın sonunu gətirə bilər. “Məncə yadplanetlilərin olub-olmaması istiqamətində çalışmalar sivilizasiyanın sonunu gətirə bilər. Çünki bu varlıqlar öz planetlərindəki qaynaqları tükənmiş və yaşamaq üçün daha müvafiq yer axtarışında ola bilərlər. Təbii ki, bunun da təhlükəli nəticələri ola bilər. İnsanların yadplanetliləri tapması planetimizin işğalı ilə nəticələnə bilər”.
Stiven Hokinq bildirib ki, planetimizin yadplanetlilər tərəfindən aşkarlanması Amerikanın kəşfinə bənzəyəcək. Hokinq həmçinin bu ssenarinin həyata keçməsinin doğuracağı nəticələri düşünmək belə istəmədiyini deyib. Hokinqin daha əvvəl də oxşar xəbərdarlığı olmuş, məşhur alim qarşıdakı 100 ildə kompüterlərin və süni zəkaların sivilizasiyanı ələ keçirə biləcəyini iddia etmişdi.